Səudiyyə Ərəbistanı Yəməndə Husi üsyançılarının Ər-Riyad hökumətinə qarşı başlatdığı dəniz blokadasını pisləyib və beynəlxalq hüquq çərçivəsində gəmilərini qorumaq üçün bütün lazımi tədbirləri görəcəyini bəyan edib.
Dünən husilərin hərbi sözçüsü Yəhya Seri, Səudiyyə Ərəbistanını Yəmən xalqına 12 ildir blokada tətbiq etməkdə, ölkənin sərvətlərini talan etməkdə və xalqın əzablarını dözülməz hala gətirməkdə günahlandırıb və buna cavab olaraq Ər-Riyad administrasiyasına qarşı dəniz blokadası başlatdıqlarını elan edib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi isə "terrorçu Husi milisinin hərbi sözçüsü" kimi təsvir edilən Serinin sözlərini qınayan yazılı bir açıqlama yayıb.
Əks-ittihamların da yer aldığı açıqlamada xatırladılır ki, husilər 2020-ci ildə Ədən hava limanına və 2022-ci ildə (atəşkəs dövründə) Yəmənin cənubundakı neft ixrac limanlarına hücumlarla Yəmən infrastrukturunu hədəfə alıblar. Husilər Yəməni münaqişəyə sürükləməkdə, Qırmızı dənizdə ticarət gəmilərini hədəf almaqda və Səna hava limanında Yemen Airways-ə məxsus dörd təyyarəni ələ keçirməkdə ittiham olunurlar.
Açıqlamada husilərin Yəməndəki iqtisadi problemlərə görə Səudiyyə Ərəbistanını günahlandırmağa çalışdığı qeyd edilib və Səudiyyə Ərəbistanının beynəlxalq hüquqa və 1982-ci il Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ haqqında Konvensiyasına uyğun olaraq gəmilərini qorumaq üçün bütün lazımi tədbirləri görəcəyi vurğulanıb.
Ərəb koalisiyası Bab əl-Məndəb boğazında ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçib.
Koalisiya, Bab əl-Məndəb boğazından keçən ticarət gəmilərini qorumaq üçün bütün zəruri əməliyyat tədbirlərinin həyata keçiriləcəyini və dəniz nəqliyyatını təhdid edən elementlərə "qətiyyətlə cavab veriləcəyini" bəyan edib.
Tahir TAĞIYEV