Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası tətbiq etməyə başladıqlarını açıqlayıb.
Husilərin hərbi sözçüsü Yəhya Seri Səudiyyə Ərəbistanını təxminən 12 ildir Yəmən xalqına qarşı hərtərəfli blokada tətbiq etməkdə, ölkənin sərvətlərini talan etməkdə, limanları və hava limanlarını quru, dəniz və hava yolları ilə mühasirəyə almaqla xalqın əzablarını dözülməz həddə çatdırmaqda günahlandırıb.
Seri blokadanın heç bir hüquqi və ya humanitar əsası olmadığını, qanunsuz olduğunu və Yəmən xalqı üçün ağır humanitar nəticələrə səbəb olduğunu bildirib. O, Səudiyyə Ərəbistanının hücumlarının Səna beynəlxalq hava limanının hədəfə alınması ilə başladığını və Yəmən xalqının bu mühasirə və hücumlar qarşısında səssiz qalmayacağını bildirib.
Seri, ictimaiyyətin kütləvi nümayişlərdə səsləndirdiyi tələblərə uyğun olaraq Səudiyyə Ərəbistanına qarşı "dəniz blokadası" tətbiq etdiklərini bildirib və qərarın elan edildiyi andan etibarən qüvvəyə minəcəyini deyib.
Yəmən xalqının Səudiyyə Ərəbistanının blokadasına və gərginliyin artmasına eyni şəkildə cavab vermək hüququna malik olduğunu iddia edən Seri, bütün variantlara tam hazır olduqlarını bildirib: "Əgər Səudiyyə Ərəbistanı hərtərəfli eskalasiyaya səbəb olan hər hansı bir addım atsa, hərtərəfli və sərt eskalasiya ilə cavab verəcəyik".
Husi sözçüsü Seri Yəmən xalqını ümumi səfərbərliyi davam etdirməyə, bütün ssenarilərə və hadisələrə tam hazır olmağa və cəbhə xəttini döyüşçülərlə gücləndirməyə çağırıb.
Tahir TAĞIYEV