İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) həbs qərarının icra oluna biləcəyi ilə bağlı şəhər meri Zoran Mamdaninin açıqlamalarına kəskin reaksiya verib.
Bununla bağlı verdiyi bəyanatda Netanyahu BCM-in ABŞ və İsrail vətəndaşları üzərində heç bir yurisdiksiyasının olmadığını iddia edib.
Qəzzada iddia edilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərlə əlaqədar verilən həbs qərarını "uydurma" adlandıran Netanyahu, "Cənab Mamdani Kərim Xanın cinayətkar davranışını dəstəkləmək əvəzinə, öz siyasətinin Nyu-York şəhərinə vurduğu ziyanı aradan qaldırmağa diqqət yetirməlidir" - deyib. Bildirib ki, Məmdani də Kərim Xan kimi “diqqəti öz səhvlərindən yayındırmaqda və Yaxın Şərqdəki yeganə demokratiya olan yəhudi dövlətinin liderinə hücum etməkdə maraqlıdır”.
Nyu-York meri Zoran Məmdani daha öncə bildirib ki, əgər Netanyahu sentyabr ayında BMT Baş Assambleyası üçün Nyu-Yorka gələrsə, "biz Nyu-York şəhərinin qanunları ilə bizə verilən səlahiyyətlər çərçivəsində hərəkət edəcəyik, lakin bu məqsədlə öz qanunlarımızı yazmayacağıq".
"İnanıram ki, Netanyahunun yeri Haaqadır. O, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən ittiham olunan müharibə cinayətkarıdır”- Məmdani bildirib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant üçün 21 noyabr 2024-cü ildə Qəzzada törədildiyi iddia edilən müharibə cinayətləri və insanlığa qarşı cinayətlərlə əlaqədar həbs orderi çıxarıb.
SAMİRƏ