İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında təyin olunmuş "təhlükəsiz naviqasiya marşrutunu" pozan dörd gəmidən ikisinin qəzaya uğradığını, digər ikisinin isə kursunu dəyişdiyini açıqlayıb.
Sözügedən gəmilərin İran İnqilab Keşikçiləri Korpusunun Hörmüz Boğazı İdarəetmə Mərkəzinin xəbərdarlıqlarına məhəl qoymayaraq boğazdan təhlükəli bir yolla keçməyə çalışdığı iddia edilir.
SEPAH açıqlama yayaraq, sözügedən gəmilərdən ikisinin qəzalardan sonra hazırkı yerlərində dayandığını, digər iki gəminin isə səyahətlərini təhlükəli marşrutla başa vurub istiqamətini dəyişdiyini bildirib.
Açıqlamada həmçinin Hörmüz boğazının tamamilə İnqilab Keşikçilərinin səlahiyyətində olduğu, yalnız əvvəlcədən müəyyən edilmiş və elan edilmiş təhlükəsiz marşrutlardan istifadə edilə biləcəyi və əvvəllər elan edildiyi kimi, İran hakimiyyətinin razılığı və icazəsi olmadan neft, təbii qaz və ya kimyəvi gübrə daşıyan heç bir gəminin Hörmüz boğazından keçə bilməyəcəyi bildirilir.
Tahir TAĞIYEV