Yəməndəki İran tərəfindən dəstəklənən husi üsyançıları Səna hava limanına edilən hücuma cavab olaraq Səudiyyə Ərəbistanına blokada tətbiq edə biləcəkləri barədə xəbərdarlıq ediblər.
Husilərin müdafiə naziri Məhəmməd əl-Atifi qrupun "mühasirəyə qarşı mühasirə, hava limanı hava limanına qarşı, liman limana qarşı" prinsipini tətbiq etməyə hazır olduğunu bildirib.
Atifinin açıqlaması, husilərin bu həftə Səna beynəlxalq hava limanına endirilən hava hücumuna görə Səudiyyə Ərəbistanını günahlandırmasından sonra gəlib.
Husi lideri Əbdül Malik əl-Husi də Səudiyyə Ərəbistanının Yəmənə hücumlarını bərpa edəcəyi təqdirdə neft obyektləri və hava limanları da daxil olmaqla müxtəlif hədəflərə zərbə endiriləcəyini bildirib.
Yəməndəki husilər İranın ən vacib regional müttəfiqlərindən biridir. ABŞ-la İran arasında münaqişə daha da şiddətlənərsə, husilərin Qırmızı dənizin girişindəki gəmiçilik trafikini yenidən hədəfə ala biləcəyi və bunun da Süveyş kanalı vasitəsilə dəniz nəqliyyatına ciddi təsir göstərə biləcəyi dəyərləndirilir.
Tahir TAĞIYEV