Rusiyanın Baytarlıq və Fitosanitariya Nəzarət Federal Xidməti (“Rosselxoznadzor”) İrandan Rusiyaya ixrac üçün güllərin sertifikatlaşdırılmasını dayandırmasını istəyib.
Rusiya mediası yazır ki, 2026-cı ildə İslam Respublikasından Rusiyaya göndərilən məhsulların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çox olub. Sənədlərdə məhsulların mənşə ölkəsi kimi İran göstərilib. Lakin məhsulların xarici xüsusiyyətləri və qablaşdırılması Ermənistandan göndərilən məhsullarla eyni olub.
Mayın 22-dən etibarən Ermənistandan Rusiyaya gül göndərilməsi qadağan edilib. Bundan sonra "Rosselxoznadzor" İranı da Ermənistan gül məhsullarına tətbiq edilən müvəqqəti məhdudiyyətlər barədə məlumatlandırıb.
İran tərəfindən cavab verilməməsi səbəbindən, Rusiya və Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin ərazilərinin fitosanitar rifahının qorunması və “Rosselxoznadzor” tərəfindən tətbiq edilən qadağa və məhdudiyyətlərə riayət etmək məqsədilə xidmət ikitərəfli danışıqlar aparılana və məsələ aydınlaşdırılana qədər güllərin sertifikatlaşdırılmasının dayandırılmasını xahiş edib.
Tahir TAĞIYEV