İran-ABŞ münaqişəsi davam edərkən, İranın Ali Lideri Müctəba Xameneyi uzun müddətdən sonra sükutunu pozub.
ABŞ və İsrailin sui-qəsd cəhdləri nəticəsində öldürülən atası Əli Xameneyinin dəfn mərasimində belə iştirak edə bilməyən Xameneyi İran-ABŞ danışıqlar prosesi ilə bağlı yazılı açıqlama yayıb.
İran dövlət televiziyası IRIB tərəfindən yayımlanan mesajda Xameneyi Vaşinqton administrasiyasının İranla anlaşmanı dəfələrlə pozduğunu vurğulayıb.
"ABŞ-ın dəfələrlə verdiyi vədləri yerinə yetirməməsi bir daha hər kəsə ABŞ prezidentinin imzasının nə qədər dəyərsiz və etibarsız olduğunu göstərdi. Zülm, hökmranlıq və vəhşilik Amerika düşüncə tərzinin və siyasətinin ayrılmaz elementləridir" – deyə Xameneyi bildirib.
Xameneyi deyib ki, İran xalqı və Müqavimət Cəbhəsi ABŞ-a unudulmaz dərslər verəcək. Dini lider ölkə daxilində birliyə çağırış edib: "Dəfələrlə və qəti şəkildə qeyd edildiyi kimi, birlik hissini qorumaq, bölünmədən, münaqişədən, siyasi fikir ayrılıqlarını və sosial fərqləri önə çıxarmaqdan qaçmaq hər kəsin məsuliyyətidir. Xüsusilə liderlərin və inqilaba sadiq elementlərin ölkənin bütövlüyünü və həmrəyliyini təmin etməkdə rolu xüsusilə vacibdir və həlledicidir.
Düşmən bizdən heç bir zəiflik əlaməti görməməlidir. Bu həssaslıqlara tam əməl etdiyimiz zaman düşmən qaçılmaz olaraq geri çəkilməyə məcbur olacaq " .
Tahir TAĞIYEV