İran lideri Müctəba Xameneinin müşaviri və İnqilab Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandiri Möhsün Rzayi bildirib ki, ABŞ İrana hücumlarını davam etdirərsə, ölkəsi hərtərəfli hücum və məhv mərhələsinə keçəcək.
O, bildirib ki, ABŞ əsgərləri və "siyasi sərhədlərdən kənarda" yerləşən ABŞ bazaları hədəfə alınacaq.
Rezai ABŞ-ın İrana qarşı "müharibə və danışıqlar" siyasəti yürütdüyünü və atəşkəs dövründə dəniz blokadasını gücləndirməyə hazırlaşdığını iddia edib: "ABŞ ordusu atəşkəsdən hərbi imkanlarını gücləndirmək üçün istifadə etdi. Atəşkəsi birtərəfli şəkildə uzatmaqla hazırlıqlarını davam etdirdi".
Rezai, anlaşma memorandumunun artıq qüvvədə olmadığını və ABŞ-ın onların mövqelərinin yer aldığı yeni bir razılaşma ilə müzakirələrə girəcəyini iddia edib.
ABŞ-ın İran infrastrukturuna və ölkənin cənub sahillərinə hücumlarının məqsədi ilə bağlı da danışan Rezai bildirib ki, bu təşəbbüsün məqsədi İrandakı müqaviməti parçalamaq və dəniz blokadasını tamamlamaqdır: “ABŞ-ın bu hücumları Hark adasına və nüvə obyektlərinə hücuma hazırlıq məqsədilə həyata keçirməsi ehtimalı da var".
O, bildirib ki, İran Silahlı Qüvvələri də bütövlükdə ABŞ-ın hücumlarına böyük cavab verib. "Müharibə və danışıqlar" siyasətinin artıq başa çatdığını qeyd edən Rezai, ölkəsinin hazırda yeni bir strategiya ilə hərəkət etdiyini və bu strategiyanın bütün hücumlara qarşı qətiyyətlə və bərabər güclə cavab verməyi əhatə etdiyini bildirib.
Rezai həmçinin ABŞ-ın Hörmüz boğazının birgə idarə olunması təklifini qəbul etmədiklərini və ABŞ-ın əsl məqsədinin Hörmüz boğazı üzərində dominantlıq yaratmaq, qlobal enerji bazarına nəzarət etmək və Rusiya və Çinə qarşı III Dünya Müharibəsinə başlamaq olduğunu iddia edib.
Tahir TAĞIYEV