Suriya Daxili İşlər Nazirliyi Suriya-İraq sərhədində keçirilən əməliyyat zamanı ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda silahın ələ keçirildiyini açıqlayıb.
Nazirliyin Telegram hesabında təhlükəsizlik qüvvələrinin sərhəd boyunca şübhəli şəkildə park edilmiş bir nəqliyyat vasitəsini izlədiyi və axtarış zamanı uzaqmənzilli raketlər, tank əleyhinə idarə olunan raketlər və pilotsuz uçuş aparatları (PUA) aşkarladığı bildirilib.
İlkin araşdırmalara görə, ələ keçirilən silahların Suriyadan Livana daşınması və “Hizbullah”a çatdırılması planlaşdırılırmış. Nazirlik hadisə ilə bağlı istintaqın davam etdiyini və yüklə əlaqəli bütün şəxslərin və şəbəkələrin aşkarlanması üçün səylərin davam etdiyini bildirib.
Açıqlamada, sərhədlərin və milli suverenliyin qorunmasının prioritet olduğu və Suriya ərazisinin silah qaçaqmalçılığı və ya qonşu dövlətlərin təhlükəsizliyini təhdid edən fəaliyyətlər üçün istifadəsinə icazə verilməyəcəyi vurğulanıb.
Onu da qeyd edək ki, silahların İrandan göndərildiyi ehtimal edilir
Tahir TAĞIYEV