İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) sözçüsü bildirib ki, ABŞ prezidenti Donald Trampın İran infrastrukturuna zərbə endirməklə bağlı təhdidləri gerçəkləşərsə, ölkənin silahlı qüvvələri bölgədəki bütün Amerika hədəflərinə zərbə endirəcək.
İranın Fars xəbər agentliyinin verdiyi məlumata görə, ordu mətbuat xidmətinin açıqlamasında deyilir: "Əgər ABŞ prezidentinin İran İslam Respublikası ordusunun infrastrukturuna zərbə endirməsi ilə bağlı son təhdidləri gerçəkləşərsə, İranın təmkinliliyi sayəsində toxunulmaz qalan hər şey, yəni bölgədəki bütün infrastruktur, İran İslam Respublikası silahlı qüvvələrinin güclü zərbələri ilə məhv ediləcək və sanki heç vaxt mövcud olmamış kimi, ondan əsər-əlamət qalmayacaq".
Qeyd edilir ki, Hörmüz boğazı İran üçün qırmızı xəttdir və ölkə ABŞ-ın onun idarəçiliyinə müdaxiləsinə icazə verməyəcək.
İran Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Əkrameniya isə sona qədər müqavimət göstərəcəklərini və ABŞ-ın bölgədəki müdaxilələrini neytrallaşdıracaqlarını bildirib. O, Hörmüz boğazının yenidən açılmasının yeganə yolunun ABŞ-ın iyun ayında hər iki tərəf tərəfindən imzalanmış 14 maddəlik anlaşma memorandumuna riayət etməsi və boğazda gəmilərin hərəkəti ilə bağlı İranın qaydalarını əməl etməsi olduğunu vurğulayıb.
"ABŞ-ın təcavüzü davam edərsə, müharibə yeni ərazilərə yayılacaq. Silahlı qüvvələrimizin imkanlarının əhəmiyyətli bir hissəsindən hələ istifadə edilməyib. İrana qarşı hər hansı bir düşmənçilik hərəkəti davam edərsə, İranın cavabı uyğun olacaq və düşmənin gözləntilərini aşacaq, yeni münaqişə ərazilərə yayılacaq" – deyə ordu sözçüsü bildirib.
Bundan əvvəl Tramp İranın infrastrukturunu məhv etməklə hədələmişdi.
Tahir TAĞIYEV