Dünən istefa verəcəyini elan edən müdafiə naziri Mixaylo Fedorova dəstək məqsədilə Kiyevdə və Ukraynanın digər şəhərlərində etirazlar başlayıb.
Ukrayna paytaxtında etirazçılar İvan Franko meydanında toplaşıblar. İnsanlar əllərində plakatlarla gəlib və "Fedorovu geri qaytarın", "Utanc" və "Sirski istefa ver" şüarları səsləndiriblər.
İvano-Frankivsk, Vinnitsa, Lutsk, Xmelnitski, Lvov, Ujqorod, Dnepr, Ternopil və Odessada da etirazlar başlayıb.
Fedorovun istefa verməsi ilə əlaqədar olaraq, polkovnik Pavel Yelizarov Ukrayna Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsindən istefa ərizəsi təqdim edib. O, qərarını birbaşa nazirin işdən çıxarılması ilə əlaqələndirib: “Təəssüf ki, müharibənin beşinci ilində Ukrayna Silahlı Qüvvələrindən istefa verdim. Hesab edirəm ki, Mixail Fedorovun vəzifədən azad edilməsi ölkənin müdafiə potensialına ağır zərbədir”.
“Ukrainska Pravda”nın məlumatına görə, Fedorov Yelizarovu yanvar ayında Ukrayna Hərbi Hava Qüvvələrinin komandan müavini vəzifəsinə təyin edib.
Fedorov 2026-cı ilin yanvar ayında müdafiə naziri təyin edilib. Onun istefası rəsmi olaraq elan edilməyib. Nazir özü işdən çıxarılmasını sosial mediada təsdiqləyib: "Müdafiə naziri kimi Ukrayna xalqına xidmət etmək böyük şərəf idi".
Fedorovun istefası Ukrayna hökumətində aparılan dəyişikliklər fonunda baş verib. 14 iyulda Ali Rada Baş nazir Yuliya Svırıdenkonun istefasını qəbul edib. Yeni kabinetin bu hün açıqlanması gözlənilir. Ukrayna Prezidenti Zelenski baş nazir vəzifəsinə "Naftoqaz"ın baş direktoru Sergey Koretskinin namizədliyini irəli sürüb.
Tahir TAĞIYEV