Almaniya kansleri Fridrix Merts, ifrat sağçı populist Almaniya üçün Alternativ (AfD) partiyasının hakimiyyətə gəlməsinin qarşısını almaq üçün əlindən gələni edəcəyini deyib.
Almaniyanın şərqində yerləşən və rəy sorğularında AfD-nin birinci olduğu Meklenburq-Ön Pomeraniya və Saksoniya-Anhaltda sentyabr ayında əyalət parlament seçkilərinin keçiriləcəyindən danışan Merts, bu bölgələrdə Almaniyanın bir çox digər bölgələrindən fərqli siyasi vəziyyətlə üzləşdiklərini, lakin seçki kampaniyasının hələ yeni başladığını deyib. Merts AfD-nin bu iki bölgədə qanunvericilik orqanlarında çoxluq qazanmasının qarşısını alacaqlarına ümid etdiyini bildirib.
AfD-yə səs verənlərə müraciət edən Merz deyib: "Diqqətlə baxın. Harada olursa olsun, yalnız sosial media fəaliyyətinə etibar etməyin, həmçinin Almaniya hökumətinin nəyi həyata keçirməyə çalışdığına baxın".
Merts ABŞ-ın Avropadakı bəzi immiqrant əleyhinə siyasi qruplara maliyyə dəstəyi verməsi ilə bağlı iddialara da münasibət bildirib: "Mən həmişə demişəm ki, Amerika seçkilərinə müdaxilə etməyəcəyik. Buna hər zaman belə də yanaşdıq. Mən də Amerika hökumətinin və ya hökumətə yaxın təşkilatların Almaniyadakı seçkilərə müdaxilə etməsini istəmirəm".
Merts həmçinin Almaniyadakı siyasi partiyaların ölkə xaricindən maliyyə almasının qanunsuz olduğunu qeyd edib: "Xüsusilə də dünyadakı dostlarımızın Almaniyada özümüz üçün müəyyən etdiyimiz qanuni qaydalara riayət edəcəklərini düşünürəm".
Tahir TAĞIYEV