İran XİN ABŞ-la mümkün yeni danışıqlar prosesi ilə bağlı diqqət çəkən açıqlama verib. İran Xarici İşlər Nazirliyinin və danışıqlar qrupunun sözçüsü İsmayıl Bekayi ölkənin hazırda diplomatik danışıqlardan daha çox müdafiəyə diqqət yetirdiyini bildirib.
Yarırəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, Bekayi İranın ABŞ-la danışıqları bərpa etmək planının olmadığını deyib. O, istənilən potensial razılaşmanın qarşılıqlı öhdəliklərə əsaslanacağını vurğulayaraq, qarşı tərəfin razılaşmaya əməl etməyəcəyi müddətcə İranın da öhdəliklərini yerinə yetirməyəcəyini bildirib.
"Saziş qarşılıqlı öhdəliklərdən ibarət bir bütövdür. Əgər qarşı tərəf sazişi pozarsa, biz də öhdəliklərimizi yerinə yetirməkdən çəkinəcəyik. Bu, bir prosedurdur və biz bu şəkildə hərəkət etməyə davam edəcəyik" – deyə İran rəsmisi bildirib.
Bekayi həmçinin bildirib ki, İran Silahlı Qüvvələri ölkəyə qarşı istənilən hücuma "adekvat cür cavab verəcək".
Tahir TAĞIYEV