Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin (UUSF) komandiri Robert "Madyar" Brovdinin sözlərinə görə, son doqquz gün ərzində Azov dənizində 116 tanker və digər gəmini vurduqdan sonra Qara dənizdə də Rusiya nəqliyyat gəmilərinə qarşı sistematik hücumlar kampaniyasına başlayıblar. Hücumlar Rusiya ərazisindən ilhaq edilmiş Krıma təchizatı kəsmək üçün hazırlanmış xüsusi əməliyyat olan "MoLoChKa" əməliyyatının bir hissəsidir.
Madyarın sözlərinə görə, təkcə 15 iyul gecəsi dronlarlaı Qara dənizdə 20 Rusiya gəmisinə hücum edilib. Bunlardan 17-si neft tankeri, iki qaz tankeri və bir yedək gəmisi olub. Brovdi zərbələri təsdiqləyən videoları daha sonra yayımlayacağına söz verib.
Ukraynanın "Supernova" monitorinq kanalı gecə ərzində "ən azı yeddi" tankerin və digər gəmilərin vurulduğunu təsdiqləyir. Qeyd olunur ki, hücumlarda 412-ci ayrı pilotsuz sistem briqadası "Nemesis" iştirak edib.
ABŞ-da yerləşən Müharibə Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, Ukraynanın zərbələri nəticəsində Azov dənizində Rusiya hərbi dəniz qüvvələrinin fəaliyyəti kəskin şəkildə azalıb. Analitiklərin fikrincə, ərazidə aktivləşdirilmiş AIS transponderləri olan gəmilərin sayı 55% azalıb - iyunun sonundakı 267-dən 11 iyul tarixinə 120-yə düşüb. Kerç yaxınlığında belə gəmilərin sayı 75% azalıb - 37-dən 9-a düşüb. Bəzi tankerlər və digər gəmilər Qara dənizə qayıdıb, qalanları isə təmir və ya saxlama üçün göndərilib.
Bundan əlavə, Rusiya Azov-Don kanalından nəqliyyatın hərəkətini və Kerç boğazından keçid üçün müraciətlərin qəbulunu dayandırıb ki, bu da ölkəni taxıl ixracının 20%-dək hissəsindən məhrum edə bilər. Çərşənbə axşamı Nəqliyyat Nazirliyi və Rostov vilayətinin Kənd Təsərrüfatı Nazirliyi məhsul yığımı mövsümünə bu yaxınlarda başlayan ixracatçılar üçün alternativ yollar axtardıqlarını bildiriblər.
Tahir TAĞIYEV