İran prezidenti Məsud Pezeşkian yayımlarına görə tez-tez mübahisələrə səbəb olan dövlət televiziyasını sərt tənqid edib. Pezeşkian ölkənin dövlət televiziyasını bölücü ritorikadan istifadə etməkdə ittiham edib.
O, dövlət televiziyasında istifadə edilən ritorikanın bölünməni ifadə etdiyini bildirib. "Dövlət televiziyasının “bir tərəfdə ordu, digər tərəfdə hökumət” ritorikası bölünməni ifadə edir və bu ritorikadan İsrail də istifadə edir. Dövlət televiziyasının bunu deməyə haqqı yoxdur" – deyə İran prezidenti bildirib.
Özünü İran Silahlı Qüvvələrindən ayrı görmədiyini bildirən Pezeşkian, İran Ordusu ilə fəxr etdiyini deyib.
Qeyd edək ki, İran prezidenti tez-tez dövlət televiziyasının yayımlarını tənqid edir.
Xüsusilə ABŞ-la danışıqlar zamanı dövlət televiziya proqramlarında danışıqların əleyhinə olan şəxslərin tez-tez görünməsi, Tehran meydanlarında İran danışıqlar qrupunun üzvlərinə ünvanlanan təhqirlərin televiziyada yayımlanması və nəhayət, İran parlamenti və danışıqlar qrupunun rəhbəri Məhəmməd Bağır Qalibafın iştirak etdiyi televiziya proqramının yayımının dayandırılması ölkədə ciddi mübahisələrə səbəb olub.
Tahir TAĞIYEV