Küveytə hava hücumu olub. Küveyt ordusu ölkənin hava məkanında aşkarlanan hücumlara cavab olaraq hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.
"Silahlı qüvvələrimiz hazırda ölkənin hava məkanında düşmənin hava hədəflərini vurur" - deyə ordunun açıqlamasında bildirilib.
Hücumun mənbəyi və ya təbiəti barədə məlumat verilməyən açıqlamada, eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin "düşmən hücumlarının" qarşısını alması ilə əlaqəli olduğu bildirilib.
Bəhreyndə də həyəcan siqnalı verilib. İrandan yeni hücum səbəbindən ictimaiyyətə təhlükəsiz yerlərə getmələri barədə xəbərdarlıq edilib.
İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın İran sahillərinə hücumlarına cavab olaraq Bəhreyn və Küveytdəki ABŞ hədəflərinə hücumlar həyata keçirdiyini açıqlayıb.
Açıqlamada Bəhreyndəki Şeyx İsa Hava Bazasında təyyarə hissələri və silahların saxlandığı bir neçə anbarın və Küveytdəki Əli Əl-Salim Hava Bazasında MQ9 pilotsuz uçuş aparatlarının (PUA) buraxılış qurğularının PUA-lar tərəfindən hədəf alındığı bildirilir.
Məlumata görə, hücumlar ABŞ-ın İran sahillərinə hücumlarına cavab olaraq həyata keçirilib.
İnqilab Keşikçiləri Korpusu ABŞ hücumları davam etdiyi müddətcə bölgədən neft və təbii qaz ixracına icazə verməyəcəyi ilə hədələyib.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni bir hücum əməliyyatına başladığını açıqlayıb.
Tahir TAĞIYEV