Ukraynanın da aralarında olduğu on Avropa ölkəsi ballistik raketlərin yaratdığı artan təhlükəyə qarşı Anti-Ballistik Raket Koalisiyasının yaradıldığını elan edib.
Koalisiyanın Parisdə keçirilən iclasından sonra Danimarka, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, İspaniya, İsveç, Ukrayna və Birləşmiş Krallıq liderləri birgə yazılı bəyanat yayıblar.
Bəyanatda qeyd olunur ki, sözügedən ölkələrin liderləri ballistik raketlərin yaratdığı təhlükədən və Avropa qitəsi üçün müdafiə qabiliyyətlərinin artan əhəmiyyətindən xəbərdardırlar. Ballistik raketlərə qarşı müdafiə məqsədləri üçün koalisiyanın yaradılması elanında deyilir: "Biz (koalisiyanın) anti-ballistik imkanların inkişaf etdirilməsi üçün yorulmadan çalışmağa yönəlmiş flaqman layihəsini dəstəklədiyimizi bildiririk".
Bəyanatda Avropanı qorumaq üçün hərtərəfli və inteqrasiya olunmuş ballistik raket əleyhinə müdafiə sisteminin zəruriliyi vurğulanaraq, məqsədin gələcəkdə baş verə biləcək potensial raket təhdidlərinin qarşısını almaq olduğu qeyd edilib. Bildirilib ki, bu mövcud Avropa müdafiə sistemlərini ballistik raketlərə qarşı tamamlayacaq. Eyni zamanda ölkələrin müdafiə sənayelərini, tədqiqat imkanlarını və əməliyyat təcrübələrini birləşdirərək ballistik raketlərə qarşı ortaq Avropa potensialı qurmağı hədəflədikləri vurğulanır.
Bəyanatda koalisiyanın beynəlxalq öhdəliklərinə və hüquqi çərçivəyə uyğun olaraq ilkin əməliyyat potensialı üçün yol xəritəsi hazırlayacağı qeyd edilir. Sonda Danimarka, Fransa, Almaniya, İtaliya, Hollandiya, Norveç, İspaniya, İsveç, Ukrayna və Birləşmiş Krallığın koalisiyanın təsisçi ölkələr olduğu bildirilir, eyni zamanda koalisiyanın eyni məqsədləri bölüşən ölkələrin iştirakına açıq olduğu da əlavə edilib.
Tahir TAĞIYEV