Hörmüz boğazında gərginlik artır. ABŞ Prezidenti Donald Tramp qlobal ticarətə və Yaxın Şərqdəki güc balansına dərin təsir göstərəcək yeni bir addım atıb. Tramp Hörmüz boğazında İrana qarşı dəniz blokadasının bərpa olunduğunu elan edib. Tramp ABŞ-ın boğazın təhlükəsizliyinə görə məsuliyyət daşıyacağını və oradan keçən kommersiya yüklərinə 20% rüsum tətbiq edəcəyini bildirib.
Bölgədə gərginliyi artıracağı gözlənilən qərarı açıqlayan ABŞ prezidenti, boğazın digər ölkələr üçün açıq qalacağını vurğulayıb: "Hörmüz boğazı açıqdır və İranın orada olub-olmamasından asılı olmayaraq açıq qalacaq. Biz İrana qarşı dəniz blokadasını yenidən tətbiq edirik. Biz bunu "İran blokadası" adlandırırıq, çünki bu, yalnız İran gəmilərinin və İran müştərilərinin boğaza girib-çıxmasının qarşısını alır. Bütün digər ölkələr boğazdan ədalətli və sərbəst şəkildə istifadə etməyə davam edəcəklər".
O da məlum oldu ki, qəbul edilən qərarlar yalnız hərbi blokada ilə məhdudlaşmır, həm də qlobal ticarətə birbaşa müdaxilə təşkil edir. Tramp ABŞ-ın regiondakı yeni rolunu və ticarət gəmilərinə qoyulan ağır maliyyə yükünü aşağıdakı açıqlamalarla elan edib: "Bu gündən etibarən ABŞ "Hörmüz boğazının keşikçisi" kimi tanınacaq. Bunun müqabilində və ədalət naminə, dünyanın bu həssas bölgəsində daşınan bütün yüklərə təhlükəsizliyin və mühafizənin qorunması ilə bağlı bütün xərcləri ödəmək üçün 20% rüsum tətbiq olunacaq. Bu tədbir dərhal qüvvəyə minəcək".
Dünyanın ən vacib neft tranzit marşrutlarından biri olan Hörmüz boğazı qlobal enerji təchizatı üçün vacib bir mərkəzdir. Beynəlxalq ictimaiyyət ABŞ tərəfindən birtərəfli şəkildə elan edilən bu yeni təhlükəsizlik və qiymət siyasətinin beynəlxalq səviyyədə, dəniz sektorunda və Tehran tərəfindən necə qarşılanacağını diqqətlə izləyir.
İran Silahlı Qüvvələrinin döyüş əməliyyatları aparan bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı isə ABŞ-ın Hörmüz boğazına müdaxiləsinə icazə verməyəcəklərini açıqlayıb. İranın bəyanatında deyilir ki, ABŞ-ın hər hansı bir əməkdaşlığı və ya logistik dəstəyi İranın suverenliyinə və milli təhlükəsizliyinə qarşı müharibə aktı hesab ediləcək.
Bundan əvvəl isə Tramp Hörmüz boğazına nəzarəti ələ keçirəcəklərini və onu idarə edəcəklərini deyib: “Biz boğazın keşikçiləri olacağıq. Bunun üçün bizə pul ödənilməlidir".
İran ordusu isə Trampın açıqlamasına cavab olaraq bildirib ki, ABŞ-ın Hörmüz boğazının idarə olunmasına müdaxilə etməsinə icazə verilməyəcək. Bildilib ki, İran silahlı qüvvələri təyin olunmuş marşrutlardan kənarda və İranın icazəsi olmadan ticarət gəmilərinin və neft tankerlərinin keçidi ilə bağlı hər hansı bir pozuntu və ya təhlükəsizlik problemi ilə qətiyyətlə mübarizə aparacaq. Həmçinin bildirilir ki, ABŞ-dan hər hansı bir əməkdaşlıq və ya logistika dəstəyi İranın suverenliyinə və milli təhlükəsizliyinə qarşı müharibə aktı hesab ediləcək: "Əgər regionda müharibə yayılarsa, müharibə alovu regiondakı bütün ölkələri bürüyəcək" .
Tahir TAĞIYEV