“Gürcüstana qarşı “dərin dövlət”in arsenalında olan bütün vasitələrdən, o cümlədən vaxtilə nüfuzlu sayılan Avropa institutlarından istifadə olunur”. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
Hökumət başçısının sözlərinə görə, ATƏT Parlament Assambleyası tərəfindən qəbul edilən qətnamə də məhz bu prosesin bir hissəsidir: “2022-ci ildən sonra Gürcüstanın, gürcü xalqının və onun qanuni şəkildə seçdiyi hökumətin niyə “dərin dövlət”in əsas hədəfinə çevrildiyini izah etmək asandır. Həmin dövrdə Gürcüstan ikinci cəbhənin açılmasından və Rusiyaya tətbiq olunan sanksiyalara qoşulmaqdan imtina etdi. Yəni milli maraqlarına zidd addım atmadı, 2008-ci ildən fərqli olaraq “dərin dövlət”in növbəti avantürasına aldanmadı və öz suverenliyini, sülhünü və iqtisadiyyatını qətiyyətlə qorumaq qərarına gəldi”.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin prinsipial, milli mövqeyi ölkəyə qarşı başladılan absurd, lakin ağır proseslə əlaqəlidir. “Bu proses çərçivəsində Gürcüstana qarşı “dərin dövlət”in arsenalında olan bütün vasitələrdən, o cümlədən vaxtilə nüfuzlu Avropa institutlarından istifadə edilir.
ATƏT Parlament Assambleyasının qəbul etdiyi qətnamə də məhz bu prosesin bir hissəsidir. Bu qətnamə qeyri-formal oliqarxik təsirlərlə fəaliyyət göstərən Avropa bürokratiyasının Gürcüstanda radikalizmi və inqilabi prosesləri təşviq etmək üçün istifadə etdiyi absurd ittihamları tam şəkildə təkrarlayır. Onların hesablamalarına görə, bu proses sonda hakimiyyət dəyişikliyi və özlərinə tabe olan qüvvələrin hakimiyyətə qaytarılması ilə başa çatmalıdır”, – deyə Baş nazir bildirib.
Tahir TAĞIYEV