Ukraynanın müdafiə qüvvələri 11 iyulda və 11-dən 12-nə keçən gecə Rusiyanın bir sıra hərbi və hərbi-iqtisadi obyektlərinə, xüsusən də Sızran neft emalı zavoduna, 10 tankerə və dörd bərəyə zərbələr endirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Telegramda yaydığı məlumata görə, Ukrayna qüvvələri iyulun 11-dən 12-nə keçən gecə Samara vilayətindəki Sızran neft emalı zavoduna zərbə endirib. Obyektdə partlayışlar və yanğın qeydə alınıb.
Baş Qərargah qeyd edib ki, neft emalı zavodu ildə təxminən 8,5 milyon ton xam neft emal etmək gücünə malikdir. Zavod benzin, dizel yanacağı, aviasiya yanacağı və digər neft məhsulları istehsal edir ki, bu da Rusiya ordusunun təchizatı üçün istifadə olunur.
Ukraynanın müdafiə qüvvələri həmçinin Azov dənizində 10 Rusiya tankerini və dörd bərəsini vurub. Baş Qərargah bildirib ki, tankerlərdən beynəlxalq sanksiyalardan yayınmaq üçün Rusiya nefti və neft məhsullarının daşınması üçün istifadə olunur, bərə isə Rusiyanın hərbi logistikasını dəstəkləyir.
İyulun 11-də Ukrayna qüvvələri Zaporojye vilayətinin işğal olunmuş Tokmak şəhəri yaxınlığında yanacaq və sürtkü yağları daşıyan Rusiya qatarına zərbə endirib.
Tahir TAĞIYEV