Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Polşa və Ukrayna Varşavanın Kiyevə MiQ-29 qırıcı təyyarələri, Ukraynanın isə Polşaya texnologiya və pilotsuz uçuş aparatları verməsi barədə razılaşmanın həyata keçirilməsində irəliləyiş əldə ediblər .
Onun sözlərinə görə, Ukrayna tərəfi danışıqlara qayıdıb və ölkələr arasında vəziyyət bir neçə gün əvvəlkindən xeyli yaxşı görünür. Polşalı nazir vurğulayıb ki, razılaşma qarşılıqlılıq və həqiqi həmrəylik prinsipinə əsaslanmalıdır.
“Ukrayna geniş dron istehsalı imkanlarına malikdir və hətta onları Yaxın Şərqə ixrac edir, ona görə də bütün məhsullarının yalnız daxili ehtiyaclar üçün istifadə olunduğunu demək mümkün deyil" – deyə Kosinyak-Kamış bildirib.
Polşalı nazir həmçinin Kiyevdən Polşa MiQ-29-larının texniki vəziyyəti ilə bağlı şikayətlər barədə məlumatlara da münasibət bildirib. O bildirib ki, Varşava təyyarələrin modernləşdirilməsini müzakirə etməyə hazırdır, lakin potensial xərcləri Ukrayna və ya töhfə vermək istəyən müttəfiqlər ödəməlidir.
Kosinyak-Kamış əvvəllər Polşanın Ukraynaya qırıcı təyyarələr vermədiyini bildirib, bunun səbəbi isə Kiyevin müqavilənin şərtlərini yerinə yetirməməsi olub. Onun sözlərinə görə, ilkin təklif "MiQ-lər müqabilində dronlar" mübadiləsi olub, Ukrayna təyyarə müqabilində pilotsuz uçuş aparatları texnologiyası və istehsal təcrübəsini bölüşməli idi.
Tahir TAĞIYEV