Polşa prezidenti Karol Navrotski Volın faciəsi qurbanlarının anım günündə Polşada Ukrayna Üsyançı Ordusunun qırmızı-qara bayrağının qanunvericiliklə qadağan edilməsinə çağırıb.
Navrotski Ukrayna sərhədi yaxınlığındakı Radruj kəndində keçirilən anım tədbirləri zamanı çıxışında, Polşada qırmızı-qara Ukrayna Üsyançı Ordusu bayrağının qanuni qadağan edilməsini vacib hesab etdiyini bildirib: "Biz bunu Polşada görmək istəmirik və mən bunun Polşada olmaması üçün əlimdən gələni edəcəyəm.
Mən inanıram ki, Polşa parlamenti bu barədə qanun qəbul edəcək - çünki bu, alman nasistlərinin Blut und Boden (Qan və Torpaq) bayrağı ilə eynidir. Bu, məhz bunu təmsil edirdi və bunun arxasında polyak qadınlarını və uşaqlarını öldürən Ukrayna millətçilərinin bütün ideologiyası dayanırdı və bu indi də belədir”.
Navrotski vurğulayıb ki, o, bütün Ukrayna xalqını deyil, "Bandera ideologiyasını - öldürənləri və 21-ci əsrdə yenidən qırmızı-qara bayrağa müraciət edənləri" günahlandırır: "Bu, qəbul edilə bilməz, çünki soyqırımı tərifləmək və ya ona göz yummaq yeni bir soyqırıma dəvətdir".
Navrotski çıxışında həmçinin qeyd edib ki, Radrujda qurbanlardan biri olan 14 yaşlı polyak qız Yadviqanın ölümü bugünkü 14 yaşlı ukraynalıların Rusiya Federasiyasından olan cinayətkarların əlində ölümü ilə eynidir.
Tahir TAĞIYEV