CBS News-un adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp İranla əlaqələrin davam etdirilməsinə göstəriş verib.
"Prezident öz komandasına - vitse-prezident J.D. Vance, kürəkəni Cared Kuşner, xüsusi elçi Stiv Vitkoff və dövlət katibi Marko Rubiyə danışıqlar prosesini davam etdirməyi tapşırıb", - deyə kanalın açıqlamasında bildirilib.
O, tərəflərin şənbə günü Omanda əlaqələri bərpa edə biləcəyini vurğulayıb, lakin kimin iştirak edəcəyini dəqiqləşdirməyib.
Bundan əlavə, CBS News xəbər verir ki, İran danışıq aparanları Hörmüz boğazında gəmilərə edilən son hücumların Tehranın səhvi olduğunu gizli şəkildə etiraf ediblər. Onlar hücumların ABŞ-a qarşı bir qrup sərt xətt tərəfdarının göstərişi ilə həyata keçirildiyini iddia ediblər.
Kanalın həmsöhbətləri xəbərdarlıq ediblər ki, Vaşinqton İranın gəmilərə növbəti hücumları halında İrana zərbə endirməyə və ölkəyə qarşı əlavə iqtisadi tədbirlər görməyə hazırdır.
Daha əvvəl İran mediası İranın xarici işlər naziri Abbas Əraqçinin şənbə günü Omana səfər etməyi planlaşdırdığını bildirib. Lakin bu məlumatlara görə, o, amerikalılarla deyil, Oman rəsmiləri ilə görüşməyi planlaşdırır.
SAMİRƏ