Ukraynanın Rusiya gəmilərinə hücumundan sonra Rusiya Don çayını Azov dənizi ilə birləşdirən Don-Azov kanalında gəmiçiliyi dayandırıb.
“Reuters”in Rusiyanın taxıl ixracı sənayesindəki üç mənbəyə istinadən məlumatına görə, qərar Ukraynanın 10 iyulda Azov dənizində 10 tanker də daxil olmaqla 13 Rusiya gəmisinə hücum etməsindən sonra verilib.
Bazar analitikləri, dünyanın ən böyük buğda ixracatçısı olan Rusiyanın buğda ixracatının dörddə birinə qədərinin Azov dənizindən keçdiyini bildirir.
Bir mənbə bildirib ki, Rusiya sərhədçiləri gəmiçilik şirkətlərinə Azov dənizini Qara dənizlə birləşdirən Kerç boğazından keçid üçün bütün müraciətlərin 10 iyul yerli vaxtla saat 18:10-dan etibarən dayandırılması barədə məlumat veriblər. Bildirişdə məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı isə qeyd edilməyib.
Agentlik əlavə edib ki, 10 iyulda Euronext birjasında buğda fyuçersləri Azov dənizindən daşınmanın dayandırılması ilə bağlı şayiələr fonunda 4% artaraq altı həftəlik maksimuma çatıb.
Tahir TAĞIYEV