Ukrayna üçün istehsal ediləcək "Patriot" raketlərinin ilk mərhələdə Almaniyada və ya başqa bir Avropa ölkəsində istehsal olunması, müharibə bitdikdən sonra isə istehsalın Ukraynaya köçürülməsi planlaşdırılır. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Mütəxəssislər bildirirlər ki, “Patriot” PAC-2 və ya PAC-3 raketlərinin istehsal xəttinin yaradılması ən azı 12 ay, bəlkə də daha uzun çəkəcək. Raytheon və Avropada yerləşən MBDA şirkətinin 2024-cü ildə Almaniyada PAC-2 GEM-T tutucu raketlərinin istehsalı ilə bağlı müqavilə imzaladığı, lakin ilkin tədarüklərin 2027-ci ilin əvvəlindən tez baş tutmayacağı bildirilir. “Lockheed Martin” şirkətinin isə PAC-3 istehsalı ilə bağlı Almaniya ilə danışıqlarının hələ davam etdiyi bildirilir.
Mütəxəssislərin fikrincə, Ukraynanın “Patriot” raketlərinə illik tələbatı təxminən 2400 raketdir, lakin qurulması planlaşdırılan Ukrayna müəssisəsi isə ildə yalnız 200-300 raket istehsal edə bilər. “Lockheed Martin”in isə ötən il 600-dən bir qədər çox PAC-3 raketi tədarük etdiyi və istehsalı 2030-cu ilə qədər ildə təxminən 2000-ə çatdırmağı hədəflədiyi bildirilir.
Tahir TAĞIYEV