ABŞ prezidenti Donald Tramp ona sui-qəsd cəhdi olacağı halda ABŞ-ın İrana sarsıdıcı zərbə endirməyə hazır olduğunu bildirib.
Uzun müddətdir Tehran rejiminin ölüm siyahısında olduğunu iddia edən Prezident Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə, sui-qəsd cəhdi ediləcəyi təqdirdə İranın "görünməmiş miqyasda" bombalanması əmrini verdiyini bildirib. Tramp, bunun bədəlinin Tehran rejimi üçün "çox ağır" olacağını bildirib.
İsrailin bu həftə ABŞ prezidentinə qarşı sui-qəsd planı ilə bağlı kəşfiyyat məlumatları aldığı barədə məlumatlara dair suala Tramp cavab olaraq, İranın bu mövzuda yeni bir planının olmadığını, lakin illərdir Tehranın ölüm siyahısında "ilk sırada" yer aldığını bildirib.
Xəbərdə həmçinin bildirilir ki, Tehran İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra 2020-ci ildən bəri Trampı hədəf siyahısında saxlayır.
Bu barədə sosial mediada da paylaşım edən Amerika liderinin sözlərinə görə, İran hakimiyyəti hazırkı ABŞ prezidentinə qarşı sui-qəsd təhdidlərini həyata keçirərsə və ya həyata keçirməyə cəhd edərsə, Amerika ordusu dərhal genişmiqyaslı əməliyyata başlayacaq.
“1000 raket hazırda İran İslam Respublikasını tuşlanıb və atılmağa hazırdır. Əgər İran hökuməti dünyanın bir çox yerində səsləndirilən, Amerika Birləşmiş Ştatlarının hazırkı prezidentini, yəni məni öldürmək və ya öldürməyə cəhd etmək təhdidini reallaşdırarsa, minlərlə raket dərhal işə salınacaq.
...Əmrlər artıq verilib və ABŞ ordusu bir il ərzində İranın hər qarışını tamamilə məhv etməyə və yer üzündən silməyə hazırdır”, - deyə Tramp TruthSocial hesabında yazıb.
Bu həftə ABŞ-İran gərginliyi Hörmüz boğazında baş verən toqquşmalarla yenidən artıb. ABŞ hücumunda öldürülən İranın keçmiş lideri Əli Xameneinin dəfn mərasimində iştirak edənlər Tramp əleyhinə şüarlar səsləndiriblər və Xameneinin ölümünün qisasını tələb ediblər.
Tahir TAĞIYEV