ABŞ prezidenti Donald Tramp İranın danışıqların davam etdirilməsini istədiyini iddia edib. Tramp sosial mediada verdiyi açıqlamada ABŞ-ın da bu təklifi qəbul etdiyini bildirib.
"İran Respublikası bizdən müzakirələri davam etdirməyimizi istəyib. Biz də razılaşdıq. Lakin ABŞ onları birmənalı şəkildə atəşkəsin başa çatdığı barədə məlumatlandırıb" – deyə ABŞ prezidenti öz paylaşımında bildirib.
Böhranı alovlandıran addım tərəflərin bir-birini 18 iyun sazişini pozmaqda ittiham etməsi olub. Hörmüz boğazının yenidən açılmasını və daha əhatəli bir razılaşmaya nail olmaq üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutan bu razılaşmanın icrası faktiki olaraq dalana dirənib. ABŞ İranı neft və təbii qaz təchizatı üçün vacib olan Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum etməkdə günahlandırır.
Ittihamların ardından ABŞ ordusu bu həftə İran hədəflərinə intensiv hava hücumları təşkil edib, Tehran isə Küveyt və Bəhreyn də daxil olmaqla, bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. İki gecə davam edən ağır bombardmanlardan sonra bölgədə müvəqqəti sakitlik yaranıb. Lakin toqquşmalar Hörmüz boğazında dəniz nəqliyyatını demək olar ki, dayandırıb. Enerji axınının pozulması qlobal neft və qaz qiymətlərinin yenidən kəskin şəkildə artmasına səbəb olub.
Tahir TAĞIYEV