İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-ın İran ərazisinə hücumlarından sonra bölgədəki Amerika hədəflərinə qarşı ikinci mərhələli cavab zərbələri endiriləcəyini elan edib.
Press TV-nin məlumatına görə, İİKK-nın bəyanatında deyilir ki, cümə axşamı yerli vaxtla saat 14:20-də İİKK-nın aerokosmik qüvvələri Qərbi Asiyadakı ABŞ komandanlıq və idarəetmə mərkəzinə və ABŞ ordusu tərəfindən istifadə edilən İordaniyadakı Əl-Əzraq hava bazasına on ballistik raket atıb.
Eyni zamanda, İİKK xəbərdarlıq edib ki, ABŞ hücumları davam edərsə, Yaxın Şərqdəki digər ABŞ hərbi hədəfləri də hücuma məruz qalacaq.
Yeni raket zərbəsi barədə açıqlama Tehran və Vaşinqton arasında gərginliyin artmasından sonra verilib. İran əvvəllər Bəhreyn və Küveytdəki Amerika hədəflərinə cavab zərbələri endirəcəyini açıqlayıb. İİKK-nın məlumatına görə, birinci mərhələdə ABŞ-ın 85 hərbi hədəfi, o cümlədən Bəhreyndəki ABŞ-ın Beşinci Donanmasının bazası, Arifcan düşərgəsi və Küveytdəki Əli əl-Salim hava bazasının yaxınlığındakı hədəflər də daxil olmaqla, vurulub.
İran mediası həmçinin ölkənin bir neçə bölgəsində, o cümlədən Bəndər Abbas, Qeşm adası, Konarak, Çabahar və Mahşəhrdə partlayışlar barədə məlumat yayıb. İran hakimiyyəti Amerika hücumlarında ən azı 14 hərbçi və mülki şəxsin öldüyünü, 78 nəfərin isə yaralandığını iddia edib.
İİKK həmçinin əməliyyatlarına müdaxilə etməyə cəhd etdiyini iddia etdiyi Amerika MQ-9 Reaper pilotsuz təyyarəsini vurduğunu iddia edib.
SAMİRƏ