Berlin Vaşinqtona qeyd-şərtsiz sədaqət göstərilməsi ilə bağlı təzyiqlərinə cavab verib. Almaniyanın müdafiə naziri Boris Pistorius “Der Spiegel” jurnalına verdiyi müsahibədə ABŞ prezidentinin tələblərinə açıq şəkildə meydan oxuyub.
Pistorius bildirib ki, NATO kor-koranə itaətkarlıqla demək deyil. Onun sözlərinə görə, ittifaq daxilində qərarlar bütün üzv dövlətlərin azad iradəsi ilə və heç bir üzv dövlətin təzyiqi olmadan qəbul edilir.
Xatırladaq ki, Prezident Tramp NATO ölkələrinin müdafiə xərclərini bir-bir sadalayaraq sərt tənqid edib. Tramp, Ankara Zirvəsindən əvvəl müttəfiq tərəfdaşlarını küncə sıxışdırmaq üçün müdafiə büdcəsi məlumatlarını sosial mediada paylaşıb.
"ABŞ NATO-nu saxlamaq üçün digər ölkələrdən daha çox pul xərcləyir və bundan heç bir fayda əldə etmir: ABŞ 999 milyard dollar, Böyük Britaniya 90,5 milyard dollar, Fransa 66,5 milyard dollar, İtaliya 48,8 milyard dollar, Polşa 44,3 milyard dollar. Almaniya da daxil olmaqla, digər ölkələr DAHA AZ pul xərcləyirlər. (2014-2025) Cəfəngiyat!" – deyə Tramp paylaşımında bildirib.
Vaşinqton büdcə müzakirələrini yalnız sosial media tvitləri ilə məhdudlaşdırmır. ABŞ administrasiyası müdafiə xərclərini Trampın istədiyi səviyyəyə (ÜDM-in 5 faizi) qədər artıran müttəfiqlərinə xüsusi siyasi və iqtisadi üstünlüklər təklif etmək ideyasını irəli sürüb.
Digər tərəfdən, NATO daxilində "varlı müttəfiqlər" və "həssas müttəfiqlər" kateqoriyalarına bölünən iki səviyyəli ittifaq modeli gündəmə gətirilir.
Avropa liderləri xərclərin artırılmasına açıq olsalar da, Trampın istənilən vaxt ABŞ-ın qitə qarşısındakı bütün təhlükəsizlik öhdəliklərinə son qoya biləcəyindən ehtiyatlanırlar.
Həqiqətən də, Vaşinqton son aylarda Avropadan qoşunların çıxarılması ilə bağlı açıqlamaları ilə müttəfiqlərini narahat etməyə başlayıb.
Tahir TAĞIYEV