Ermənistan Parlamentinin spikeri Alen Simonyan 7 iyun parlament seçkilərindən sonra qazandığı deputat mandatından imtina edib.
O, spiker kimi fəaliyyətini davam etdirmək istədiyini, lakin partiya idarə heyətinin verdiyi qərarı qəbul etdiyini bildirib. O, iş proseslərinin dəyişikliyə ehtiyac duyduğuna inandığı üçün heç bir kin saxlamadığını bildirib. Simonyan artıq dincəlmək istədiyini, şəxsi həyatını qaydasına salmaq niyyətində olduğunu deyib. O, həmçinin gələcək fəaliyyətini Baş nazir Paşinyanla müzakirə etmədiyini də qeyd edib. Bununla belə, o, siyasi fəaliyyətini yalnız Vətəndaş Müqaviləsi partiyası daxilində və Paşinyanın komandası daxilində təsəvvür etdiyini bildirib.
Siyasətçi ona prezident vəzifəsi təklif olunduğu barədə mediada yayılan məlumatlara da münasibət bildirib və bu xəbərləri təkzib edib: "Bu, absurddur. Bu barədə heç vaxt həmkarlarımla müzakirə aparmamışam".
Xatırladaq ki, Alen Simonyan da yeni parlamentin sədri vəzifəsinə namizədlər arasında idi. Lakin hakim Vətəndaş Müqaviləsi Partiyasının idarə heyəti bu yaxınlarda onun deyil, parlamentin hazırkı sədr müavini Ruben Rubinyanın namizədliyini təsdiqləyib.
Tahir TAĞIYEV