Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen İrəvanda Paşinyanla keçirdiyi mətbuat konfransında bildirib ki, Avropa İttifaqı Aİ ölkələrinə ixracın genişləndirilməsini təşviq etmək üçün Ermənistana ekspertlər qrupu göndərəcək.
"Siz tezliklə ticarətin gücləndirilməsi və genişləndirilməsi üçün əlavə 18 milyon avro alacaqsınız. Bu maliyyələşdirmə, məsələn, İxracın Təşviqi Agentliyinin yaradılmasına kömək edə bilər. Bu, iyunun əvvəlində müzakirə etdiyimiz 52 milyon dollarlıq yardım paketinin son hissəsidir" – deyə Fon der Lyayen qeyd edib.
Ermənistanla bağlı muxtar ticarət tədbirləri həyata keçirmək istədiklərini deyən Lyayen bildirib ki, bu, Aİ-yə ixracın təxminən 80%-nin liberallaşdırılmasına imkan verəcək: "Bu, bizimlə ticarətin 80%-in sərbəst olacağı deməkdir".
Onun sözlərinə görə, bu, Rusiya bazarına yönəlmiş malların Avropa bazarına yönləndirilməsinə imkan verəcək. Lyayen iddia edib ki, Avropa bazarı Ermənistandan gətirilən təzə kənd təsərrüfatı məhsullarının 99%-i, içki və spirtli içkilərin 90%-i üçün açıq olacaq.
Bundan əlavə, iyulun ortalarında Aİ istehsalçılar və ixracatçılarla işləmək və onların Aİ-nin bu üstünlüklərindən yararlana bilmələrini təmin etmək üçün Ermənistana mütəxəssislər göndərəcək.
Xatırladaq ki, Avropa Komissiyası əvvəllər "Rusiyanın ticarət məhdudiyyətlərinin təsirini azaltmaq üçün" Ermənistanın özəl sektoruna "təcili dəstək" olaraq 34 milyon avro ayırmışdı.
Tahir TAĞIYEV