Rusiyanın İsveçdəki səfirliyinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. Rusiya Xarici İşlər Nazirliyi İsveç hakimiyyətini diplomatik nümayəndəliyi hədəf alan təkrarlanan hadisələrin qarşısını ala bilmədiyinə görə tənqid edib.
"Kvadrokopter diplomatik nümayəndəliyin ərazisinə qırmızı boya ilə doldurulmuş konteyner atıb. İmitasiya edilmiş partlayıcı qurğu ilə təchiz olunmuş ikinci dron (təsadüfi görünmür) Rusiya səfirliyi binasının çox yaxınlığında, əraziyə düşüb" – deyə nazirlikdən bildirilib.
Nazirlik bildirib ki, ikinci hadisə səfirlik işçilərini "açıq-aşkar qorxutmaq cəhdi" olub: "Bu, sadəcə təxribatla deyil, Rusiya nümayəndəliyinin işçilərini qorxutmaq üçün açıq-aşkar cəhdlə qarşılaşdığımızı göstərir. Buna birbaşa cavabımız budur - bu, işə yaramayacaq".
Açıqlamada Stokholmda oxşar hadisələrin sistematik hala gəldiyi qeyd edilib və İsveç hakimiyyəti xarici diplomatik nümayəndəliklərin qorunması ilə bağlı 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası çərçivəsində öhdəliklərini yerinə yetirməməkdə ittiham edilib. Rusiya XİN-in açıqlamasına görə, İsveç hüquq-mühafizə orqanları əvvəlki hadisələri sənədləşdirib, lakin son iki ildə baş verən onlarla hücumun araşdırılmasında heç bir irəliləyiş əldə etməyib. Nazirlik bildirib ki, İsveç Rusiya diplomatik nümayəndəliyinə qarşı hər hansı növbəti hücumlara və onların potensial nəticələrinə görə məsuliyyət daşıyacaq.
Tahir TAĞIYEV