2025-ci il üçün məcburi maliyyə hesabatına görə, ABŞ prezidenti Donald Tramp ötən il kriptovalyuta əməliyyatlarından 1 milyard dollardan çox qazanıb.
927 səhifəlik hesabatda o, ABŞ prezidenti vəzifəsinə başlamazdan bir neçə gün əvvəl dəyəri kəskin şəkildə düşən Tramp meminə (TRUMP memecoin) əsaslanan kriptovalyutadan 635 milyon dollar qonorar əldə etdiyini açıqlayıb.
Tramp, həmçinin öz oğulları və xüsusi elçisi Stiv Vitkoffun övladları tərəfindən qurulan World Liberty Financial kriptovalyuta şirkətindən 500 milyon dollardan çox gəlir əldə etdiyini açıqlayıb. O, daşınmaz əmlakdan və Tramp brendli malların satışından milyonlarla dollar daha çox qazanıb. Lakin Ağ Ev onun prezidentliyindən qazanc əldə etdiyini inkar edir.
Onun son maliyyə hesabatında bildirilən gəlir, Trampın 600 milyon dollardan çox olduğunu bəyan etdiyi 2024-cü il üçün əvvəlki maliyyə hesabatlarını xeyli üstələyir.
Ağ Ev dəfələrlə Trampın bizneslərini oğulları tərəfindən idarə olunan trasta verdiyini vurğulayıb və hər hansı maraqların toqquşmasını inkar edib.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, prezident ABŞ-ı "dünyanın kripto paytaxtına" çevirib.
O, açıqlamasında bildirib ki, "Nə prezident, nə də ailəsi heç vaxt maraqların toqquşmasına məruz qalmayıb və qalmayacaq".
SAMİRƏ