Dünya mediasının Rusiya prezidenti Vladimir Putinlə əlaqələndirdiyi “Graceful” superyaxtası Danimarka sahillərində görünüb. Danimarkanın DR Verifier nəşrinin məlumatına görə, superyaxta da daxil olmaqla üç Rusiya gəmisindən ibarət "qeyri-adi karvan" Danimarka sahillərində aşkar edilib.
Nəşrin məlumatına görə, yaxtanı Rusiya esminesi və patrul gəmisi müşayiət edir. Qeyd olunur ki, "Graceful"un transponderi 2022-ci ilin avqust ayından bəri söndürülüb.
Agentliyin məlumatına görə, Danimarka Hərbi Dəniz Qüvvələri və Almaniya Sahil Mühafizəsi növbə ilə karvanı izləyir. Karvanın İstanbula doğru getdiyi təxmin edilir.
"Graceful" gəmisi 2014-cü ildə inşa edilib və əvvəllər Putinin Soçiyə səfərləri zamanı bir neçə dəfə burada görülüb. Gəmi 2021-ci ildə Hamburqda təmir olunub və Aleksey Navalnının tərəfdarlarının sözlərinə görə, Ukraynada münaqişə başladıqdan sonra o, Kalininqrada köçürülüb.
Tahir TAĞIYEV