Antverpen Dünya Almaz Mərkəzi (AWDC) ABŞ Prezidenti Donald Trampa 321 təbii brilyantdan ibarət qızıl üzük hədiyyə edib. Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, hədiyyə ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunub.
"Amerika Birləşmiş Ştatları nəsillər boyu bizim ən vacib ticarət tərəfdaşımız olub. Antverpendə satılan təbii almazların əhəmiyyətli bir hissəsi sonda Amerika zərgərləri və istehlakçılarına çatır. Bu üzüklə biz bu güclü iqtisadi münasibətləri qeyd etmək istədik" – deyə AWDC sədri İsidor Mersel bildirib.
Hədiyyə ABŞ-ın Belçikadakı səfiri Bill Uayta təqdim edilib.
Üzüyün qızıldan hazırlandığı, 321 təbii brilyant və 75 digər qiymətli daşla bəzədildiyi deyilir. Mərkəz, istehsalda yalnız təbii almazlardan istifadə edildiyini, təbii və süni almazları çılpaq gözlə ayırd etmək mümkün olmadığı, lakin onların mənşəyi, unikallığı, dəyəri və statusunun keyfiyyətcə fərqli olduğunu xüsusi vurğulayıb.
Tahir TAĞIYEV