Ötən gün axşam saatlarında Monakoda ukraynalı oliqarx Vadim Yermolayevə sui-qəsd cəhdi olub. Bildirilir ki, naməlum şəxs yaşayış binasının giriş hissəsinə partlayıcı dolu çanta qoyaraq oradan uzaqlaşıb. Qısa müddət sonra ukraynalı oliqarx və ilə üzvləri binanın girişinə yaxınlaşan zaman partlayıcı qurğu işə salınıb.
Partlayış nəticəsində üç nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. "Figaro"nun məlumatına görə, qurbanlar ukraynalı oliqarx, onun həyat yoldaşı və uşağıdır. Söhbət "Alef" korporasiyasının təsisçisi və Dnepr şəhərinin ən böyük inşaat şirkətlərindən biri olan Vadim Yermolayevdən gedir.
"Hər üç qurban eyni Ukrayna ailəsinin üzvləridir. 50-60 yaşlarında hər iki valideyn (onlardan birinin ukraynalı oliqarx olduğu düşünülür) ağır vəziyyətdədir, 13 yaşlı uşağın vəziyyəti isə nisbətən sabitdir", - deyə “Figaro” bildirib.
Partlayışı törətdiyi bildirilən şübhəli şəxsin hadisədən dərhal sonra qonşu Fransanın Bozoleil şəhəri istiqamətinə qaçdığı bildirilir.
Ukrayna mediasının məlumatına görə, Yermolayev 2019-cu ildə Ukrayna vətəndaşlığından imtina edib və Kipr pasportu alıb. 2023-cü ilin dekabrında isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası ona qarşı sanksiyalar tətbiq edib. O, Ukraynanın ən varlı 100 adamından biridir.
Monako Şahzadəsi II Albert ölkə tarixində ilk terror aktı kimi qiymətləndirilən partlayışı pisləyib.
Tahir TAĞIYEV