Korrupsiyada ittiham olunaraq mühakimə olunan İsrail Baş naziri Binyamin Netanyahu, məhkəmə iclaslarının həftədə beş günə qədər artırılması ilə bağlı İsrail məhkəməsinin qərarını etirazla qarşılayıb.
Məlumata görə, dinləmədə çıxış edən vəkil Amit Hadad ölkə tarixində heç vaxt bu qədər gərgin məhkəmə qrafikinin olmadığını iddia edib: "Heç vaxt həftədə 5 gün keçirilən məhkəmə olmayıb, yeganə istisna Adolf Eyxmanın məhkəməsi olub".
Netanyahunun vəkili Hadad bu şəraitdə lazımi müdafiənin mümkün olmadığını deyib: "Bəs tətillər? Ailə yoxdurmu? Bu kimi bir işi aparmaq mümkün deyil".
Netanyahu isə işin sürətləndirilməsi cəhdini tənqid edərək, vəkilinin ona zəng edərək dinləmələrin həftədə 5 günə qədər uzadılması qərarından sonra istefa vermək istədiyini bildirib.
Onu da qeyd edək ki, İsraildə qanuni olaraq ən son edam cəzasına məhkum edilən Adolf Eyxman, Nasist Almaniyasında yəhudi soyqırımında (Holokostda) iştirak etmiş yüksək rütbəli zabit kimi tanınır.
Tahir TAĞIYEV