Avropanı bürüyən şiddətli istilər həyatlara son qoymağa davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada baş verən həddindən artıq isti hava dalğalarının dağıdıcı təsirləri ilə bağlı rəqəmləri açıqlayıb. Təşkilat iyunun 21-dən bəri Avropada isti hava dalğaları səbəbindən 1300-dən çox insanın öldüyünü açıqlayıb.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus sosial media hesabında milyonlarla insanın rekord dərəcədə yüksək temperaturla üz-üzə qaldığını bildirib: "Hazırda 150 milyon insan həddindən artıq isti şəraitdə yaşayır, yüzlərlə insan həyatını itirib, təhsildə fasilələr yaranıb və elektrik şəbəkələri çökür".
İstilik stressinin çox vaxt hiss edilmədən ölümlərə səbəb olduğunu deyən Qebreyesus, buna görə də bunu "səssiz qatil" kimi təsvir edildiyini bildirib. O, Avropadakı evlərin, iş yerlərinin və məktəblərin bu qədər yüksək temperaturlara davamlı tikilmədiyinə diqqət çəkən təşkilat rəhbəri, iqlim dəyişikliyinin təsirlərinin hər il daha ağır hiss edildiyini qeyd edib.
Avropanın dünyanın ən sürətli istiləşən qitəsi olduğunu vurğulayan Qebreyesus bildirib ki, qitə qlobal orta göstəricidən təxminən iki dəfə çox istiləşir. Əvvəllər bir neçə ildən bir müşahidə edilən istilik dalğalarının indi demək olar ki, hər il baş verdiyini qeyd edən ÜST-ün baş direktoru üzv dövlətləri temperaturun azaldılması üzrə fəaliyyət planlarını tez bir zamanda həyata keçirməyə çağırıb.
Tahir TAĞIYEV