Brüsseldəki Avropa Komissiyasının qərargahında - Berlaymont kimi tanınan binada, cümə günü həddindən artıq istilər səbəbindən kondisioner sistemi bağlanmalı olub.
Binadakı işçilər günorta saatlarında təcili bir mesaj alıblar: "Ekstremal hava şəraiti səbəbindən günün sonuna qədər 1-7-ci mərtəbələrdə kondisioner sistemi məcburi olaraq bağlanıb”.
13 mərtəbəli binada Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin, 26 Avropa Komissarının və təxminən 3000 işçinin ofisi var. Von der Leyenin ofisi 13-cü mərtəbədə, komissarların ofislərinin əksəriyyəti isə səkkizinci mərtəbənin üstündə yerləşir.
Son günlərdə Belçika və Avropanın böyük bir hissəsi rekord dərəcədə istilər dalğası ilə üzləşir. Avropa Komissiyası əvvəllər işçilərə tövsiyələr vermişdi: ən isti saatlarda açıq havada vaxtın məhdudlaşdırılması, müntəzəm su içilməsi və işə daha tez başlama.
Lakin Politico jurnalistləri tərəfindən nəzərdən keçirilən daxili yazışmalara görə, bu tövsiyələr bəzi işçilər, xüsusən də kondisioneri olmayan binalarda işləyənlər, o cümlədən DG AGRI departamenti arasında narazılığa səbəb olub.
"Bu, feodalizm kimidir", - Berlaymontun aşağı mərtəbələrində işləyən Avropa Komissiyasının işçilərindən biri anonimlik şərti ilə danışaraq bildirib. O, komissarların yerləşdiyi yuxarı mərtəbələrdə kondisionerə çıxışın saxlanıldığını qeyd edib. Başqa bir işçi isə vəziyyəti "rüsvayçılıq" adlandırıb.
İstilik dalğası bir daha Avropadakı yaşayış və ofis binalarında kondisionerin olmaması ilə bağlı narahatlıqları artırıb. Qitədəki ev təsərrüfatlarının yalnız təxminən 20%-də kondisionerin olduğu təxmin edilir. Belçikada qatarların təxminən beşdə birində soyutma sistemləri yoxdur və bu da milli dəmir yolu operatorunu pik saatlarda bəzi xidmətləri ləğv etməyə məcbur edir.
SAMİRƏ