ABŞ Prezidenti Donald Tramp ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə hazırlanmış məhdud sayda buraxılışlı yeni pasport dizaynını təqdim edib. Trampın portreti və imzası olan pasport, tətbiq olunarsa, bu, üzərində hazırda vəzifədə olan bir ABŞ prezidentinin rəsminin olduğu ilk səyahət sənədi olacaq.
Paylaşılan dizaynda Trampın masasında oturduğu sərt üzlü portreti, imzası və arxa planda ABŞ Müstəqillik Bəyannaməsinin mətni yer alır. Pasportun digər səhifəsində 1776-cı ildə Müstəqillik Bəyannaməsinin imzalanmasını təsvir edən rəsm və "Amerika Birləşmiş Ştatları 250" yazısı təsvir olunub.
Bundan əvvəl ABŞ Dövlət Departamenti xüsusi hazırlanmış xatirə pasportlarının 6 iyulda paylanılmağa başlayacağını bildirmişdi. Departament hələ ki, Trampın təqdim etdiyi dizaynla bağlı rəsmi açıqlama verməyib.
Tramp ikinci prezidentlik müddətində adının və imzasının dövlət qurumlarında daha çox görünməsi üçün müxtəlif tədbirlər həyata keçirib. Bəzi ictimai binalarda Trampın plakatları asılıb, Maliyyə Nazirliyi prezidentin imzasının bir dollarlıq əskinaslarda yer alacağını açıqlayıb.
Tramp bir müddət əvvəl Con Kennedi adına İfa Sənəti Mərkəzinə də öz adını vermişdi, lakin sonradan bu təcrübə məhkəmə qərarı ilə ləğv edilib.
Yeni pasport planlaşdırıldığı kimi tətbiq olunarsa, Tramp, Amerika pasportlarında yer alan hazırda vəzifədə olan ilk ABŞ prezidenti kimi tarixə düşəcək.
Tahir TAĞIYEV