Ukrayna Prezidenti Zelenski Rusiyanın Volqoqrad şəhərindəki "Titan-Barrikadi" zavoduna "FP-5 Flamingo" raketlərindən istifadə edərək hücum etdiklərini açıqlayıb.
Zelenski sosial media paylaşımında Rusiyadakı hədəflərə uzun mənzilli hücumları davam etdirdiklərini bildirib. O, Volqoqraddakı "Titan-Barrikadi" zavoduna "FP-5 Flamingo" raketləri ilə hücum etdiklərini və zavod ərazisində yanğın baş verdiyini qeyd edib.
Zavodun artilleriya sistemləri, minaatanlar üçün hissələr və xüsusi hərbi texnika istehsal etdiyini deyən Zelenski, Rusiyadakı hədəflərə hücumları getdikcə daha da gücləndirdiklərini bildirib: "Hər gün göstərdiyimiz bu təzyiq nəticədə şərəfli bir sülhün əldə edilməsi üçün əsas yaradır".
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarovun bildirdiyinə görə, hərbi-sənaye müəssisəsinə Ukraynanın uzaqmənzilli raketləri ilə edilən hücum nəticəsində bir nəfər həlak olub. Onun sözlərinə görə, zavod əməkdaşının cəsədi təmizlik işləri zamanı aşkar edilib, daha bir əməkdaşın axtarışı davam etdirilir. O, qeyd edib ki, hücum zamanı xəsarət alan 11 nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.
Zelenski Rusiya ordusunun Ukrayna şəhərlərinə hava hücumları etməyə davam etdiyini də bildirib. O, Rusiyanın son bir həftə ərzində silahlı dronlar, idarə olunan bombalar və raketlərdən istifadə edərək, Ukraynanın 15 bölgəsinə hücum etdiyini və hava hücumundan müdafiə sistemlərini daha da gücləndirmək istədiyini bildirib.
Bu arada, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın gecə ərzində 129 dronla Ukraynaya hücum etdiyini və nəticədə bir nəfərin öldüyünü və doqquz nəfərin yaralandığını bildirib.
Tahir TAĞIYEV