Venesuelada çərşənbə axşamı 40 saniyə ara ilə baş verən 7,2 və 7,5 bal gücündə iki zəlzələ ölkənin şimalında böyük dağıntılara səbəb olub.
ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına görə, zəlzələlər nəticəsində çox sayda bina dağılıb. Zəlzələlər nəticəsində ölənlərin sayı 920-yə çatıb, 3360 nəfər isə yaralanıb.
Paytaxt Karakasın şimalındakı La Quayra əyalətində xilasetmə qruplarının yetərli olmaması səbəbindən çoxlu sayda insan dağıntılar altında xilas edilməsini gözləyir.
AFP-yə danışan xilasedicilərdən biri bildirib ki, təlim görmüş personalın çatışmazlığı və qeyri-kafi texniki resurslar səbəbindən əməliyyatlar olduqca çətin şəraitdə həyata keçirilir.
Təlim keçmiş xilasedicilərin çatışmazlığı və səhiyyə sisteminin çökməsi ilə ölənlərin sayının dəfələrlə artacağı gözlənilir. Bildirilirki, ən azı 50 min nəfərdən xəbər yoxdur. Bölgədə talanlar da başlayıb.
İsveçrə, İspaniya, Fransa, Portuqaliya və Meksika ölkəyə axtarış-xilasetmə qrupları göndərir, ABŞ isə iki hərbi gəmi, nəqliyyat təyyarəsi və helikopter daxil olmaqla 150 milyon dollarlıq yardım paketi elan edib. Çin, Hindistan, Braziliya və İran da yardım təklif edib, Papa Leo XIV isə ölkəyə ilkin yardım olaraq 100 min avro göndərib.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş fəlakətlə bağlı dərin kədərini ifadə edib, BMT-nin Təcili Yardım Koordinatoru Tom Fletçer isə Venesuelanın son 126 ilin ən güclü zəlzələsi ilə üzləşdiyini və bərpa işlərinin "genişmiqyaslı beynəlxalq həmrəylik" tələb edəcəyini bildirib.
Tahir TAĞIYEV