ABŞ və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) tərəfindən yayımlanan birgə bəyanatdan sonra İran bütün Körfəz ölkələrinə xəbərdarlıq edib.
İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi sosial media hesabında KƏŞ-in bəyanatına sərt reaksiya verib.
Əzizi Körfəz ölkələrinin liderlərinə ABŞ ssenariləri ilə "qumar oynamalarının" ölkələrinə sabitlik və təhlükəsizlik gətirməyəcəyi barədə xəbərdarlıq edib: "Raket gücü, pilotsuz uçuş aparatları və Hörmüz boğazına nəzarət İranın qırmızı xətləridir".
O, əlavə edib ki, regionda təhlükəsizliyi təmin etməyin yeganə yolu ABŞ-dan uzaqlaşdırmaqdır. Əzizi həmçinin, Körfəz ölkələrinin ABŞ-ın hərbi bazalarına ev sahibliyi etməsinin təhlükəsizliyi təmin etmədiyini, əksinə təhdid mənbəyinə çevrildiyini bildirib.
Qeyd edək ki, ABŞ və Körfəz Əməkdaşlıq Şurasının xarici işlər nazirləri dünən keçirilən görüşdə İranla yekun razılığa gəlmək üçün danışıqların davam etdirilməsinin vacibliyini və Hörmüz boğazından keçid üçün hər hansı bir ödənişin qəbul edilməyəcəyini bildiriblər.
Nazirlər həmçinin vurğulayıblar ki, davamlı regional sülh və təhlükəsizlik İranın ballistik raketləri, dronları və bölgədəki proksi qüvvələrə dəstək də daxil olmaqla bütün təhdidlərin aradan qaldırılması üçün tədbirlər tələb edir.
Bundan əlavə, nazirlər qeyd ediblər ki, Livanda davamlı təhlükəsizlik üçün qeyri-dövlət silahlı qruplar Livan hökumətinin nəzarəti altına keçməlidir.
Tahir TAĞIYEV