Böyük Britaniya Dəniz Ticarət Təşkilatı (UKMTO) ABŞ və İran arasında razılaşmadan bəri ilk dəfə Hörmüz boğazı yaxınlığında üzən yük gəmisinə hücum edildiyini açıqlayıb. Hücumdan sonra Hörmüz boğazında gərginlik yenidən artıb. Bölgədə qalmış gəmilərin üç gün əvvəl başladılmış təxliyə planı da dayandırılıb.
ABŞ Prezidenti Donald Tramp isə sosial media paylaşımında İranı "atəşkəs rejimini pozmaqda" günahlandırıb.
Tramp bildirib ki, Hörmüz boğazından keçən bir tanker dörd İran dronu tərəfindən hədəfə alınıb, onlardan biri tankerin yuxarı göyərtəsinə dəyib, lakin tanker yoluna davam edib. O, əlavə edib ki, digər üç dron ABŞ hərbçiləri tərəfindən vurulub: "Aydındır ki, bu, atəşkəs sazişinin axmaqcasına pozulmasıdır".
Dünən gecə İranın Hörmüz boğazı yaxınlığında Sinqapur bayrağı altında üzən yük gəmisinə hücum etdiyi barədə xəbərlər yayılmışdı. Bu hücum ABŞ və İran arasında atəşkəs müqaviləsi imzalandıqdan bəri ilk hücum kimi qeydə alınıb.
Tahir TAĞIYEV