Fransa Hərbi Dəniz Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus daha bir neft tankerini saxlayıb.
Makron sosial mediada, "Deliver" adlı neft tankerinin çərşənbə axşamı Siciliya sahillərində dəniz qanunlarını pozduğuna görə ələ keçirdiyini açıqlayıb.
Tankerin Rusiyanın “kölgə donanması”na aid olduğunu qeyd edən Makron bildirib ki, Britaniyanın oxşar əməliyyatından bir neçə gün sonra “kölgə donanması”na qarşı həyata keçirilən bu yeni tədbir avropalıların qətiyyətini nümayiş etdirir: “Biz kölgə donanmasının sanksiyaları aşmasına və Rusiyanın müharibə səylərini maliyyələşdirməsinə icazə verməyəcəyik. Avropa qətiyyətlidir və Rusiya üçün müharibə xərclərini artırmaq və Ukraynada möhkəm və davamlı sülhə nail olmağı mümkün etmək üçün lazım olan hər şeyi edəcək".
Fransız dəniz piyadalarının helikopterlərdən "Deliver" gəmisinə enməsinin görüntüləri də paylaşılıb.
Fransa bu günədək Rusiyanın “kölgə donanması”nın bir hissəsi olduğunu iddia etdiyi ən azı beş tankeri ələ keçirib. Rusiya isə bu cür hərəkətləri "qanunsuz" adlandırır.
Onu da qeyd edək ki, Rusiya Qərb sanksiyalarından yayınmaq üçün köhnə və bayraqsız tankerlərdən istifadə edir və bu gəmilər Avropa tərəfindən Rusiyanın "kölgə donanması" adlandırılır.
Tahir TAĞIYEV