Regional münaqişə və Hörmüz boğazındakı tıxanmadan qaynaqlanan ağır maliyyə böhranından əziyyət çəkən İraq neft kvotalarının artırılması ilə bağlı Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qarşısında qəti tələb qoyub. Bildirilir ki, OPEC-in təsisçi üzvü və ikinci ən böyük istehsalçısı olan İraq, əks halda təşkilatdan çıxa bilər.
Neft gəlirlərindəki itkiləri kompensasiya etməyə çalışan Bağdad, kvotaların təcili olaraq artırılmasını tələb edir, hasilatı gündə 7 milyon barelə çatdırmağı hədəfləyir. Tələbi rədd ediləcəyi təqdirdə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra təşkilatdan çıxmaq da daxil olmaqla bütün radikal variantları nəzərdən keçirir.
Maliyyə böhranı ilə mübarizə aparan Bağdad, iqtisadi çətinlikdən çıxış yolunu daha çox neft satmaqda görür. BƏƏ-nin bu ilin əvvəlində OPEC-dən çıxmasından sonra İraqın da oxşar bir addım atmaq hazırlıqları qlobal enerji bazarlarına ciddi təsir göstərib. Beynəlxalq neft qiymətləri qısa müddətə azalaraq barel üçün 73 dollardan aşağı düşüb.
İraq Neft Nazirliyinin yüksək vəzifəli rəsmisi “Reuters” agentliyinə bildirib: "İraq regiondakı müharibə səbəbindən ciddi maliyyə böhranı yaşayır və OPEC kvotasının əhəmiyyətli dərəcədə artırılması ilə bağlı tələbimiz mütləq ciddiyə alınmalıdır. Səudiyyə Ərəbistanı və digər OPEC müttəfiqləri bu məsələyə son dərəcə ciddi yanaşmalıdırlar. Əks təqdirdə, İraq bütün mövcud variantları nəzərdən keçirməli olacaq. Əslində, təşkilatdan çıxmaq məsələsi gündəmə gəlib və nəzərdən keçirilib. Lakin hazırkı planımız üzv olaraq qalmaq və daha yüksək kvota tələb etməkdir. Buna baxmayaraq, bu son addımı atmaq üçün hələ tezdir".
May ayında vəzifəyə başlayan İraq Baş naziri Əli əl-Zeydi hesab edir ki, müharibənin kölgəsində qalan ölkə iqtisadiyyatını yenidən qurmağın və xarici investisiyaları cəlb etməyin yeganə yolu istehsalın artırılmasıdır. Baş nazir bildirib ki, onlar İraqın əhalisinə və faktiki istehsal gücünə uyğun olaraq ədalətli kvota artımı istəyirlər.
İraq hökumətinin sözçüsü Heydər əl-Əbudi isə ölkənin qarşıdakı illərdə neft hasilatını gündə 7 milyon barelə çatdırmağı hədəflədiyini deyib.
Tahir TAĞIYEV