İsrailin mədəniyyət və idman naziri Miki Zohar ABŞ-ın İranla bağladığı razılaşmanı sərt tənqid edib. O bildirib ki, bu vəziyyət yaxın gələcəkdə ABŞ-ı İsraillə qarşıdurma vəziyyətinə gətirəcək.
İsrailin "Yedioth Ahronoth" qəzetinin məlumatına görə, Vaşinqtonun İranla razılaşmasına sərt reaksiya verən Zohar ABŞ-ı təhdid edib: "ABŞ-ın İran məsələsinə hazırkı yanaşması yaxşı deyil. Onlar kiminlə iş gördüklərini tam başa düşmürlər. ABŞ yaxın gələcəkdə özünü İsraillə qaçılmaz qarşıdurma və hesablaşma yolunda görəcək. ABŞ-a cavabımız qeyd-şərtsiz itaətkarlıq olmayacaq".
Zohar, İsrailin öz təhlükəsizlik maraqlarına uyğun olaraq hərbi addımlar atacağını iddia edib: "Mənim fikrimcə, ABŞ razılaşması nüvə silahı məsələsini həll etməyəcək və müharibə insanların düşündüyündən daha tez geri qayıdacaq".
ABŞ-İran razılaşmasından sonra İsrail siyasətçiləri arasında Trampa qarşı narazılıq artır.
Tahir TAĞIYEV