İran rəhbərliyi Vaşinqtonla münasibətlərdə demək olar ki, bütün məsələlər üzrə güzəştə getməyə hazırdır.
Xarici medianın yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp belə bir iddianı özünün sosial media hesabında yazıb. Birləşmiş Ştatların lideri İranın hazırda çox çətin vəziyyətə düşdüyünü, uzun illərdən sonra ilk dəfə Vaşinqtona və ABŞ Prezidentinə böyük hörmətlə yanaşdığını bildirib.
Donald Tramp, həmçinin Senatın onun İran siyasətini məhdudlaşdırmağa yönəlmiş qətnaməni dəstəkləməsini tənqid edib. Onun sözlərinə görə, belə addımlar ABŞ administrasiyasının mövqeyini zəiflədir və Tehrana əlavə imkanlar yaradır.
Ağ Evin rəhbəri qətnaməni dəstəkləyən respublikaçı senatorları da sərt qınayaraq, bütün bunların onun fəaliyyətini çətinləşdirdiyini deyib. ABŞ Prezidenti bütün çətinliklərə baxmayaraq, qarşısına qoyduğu məqsədlərə nail olacağını vurğulayıb.
Qeyd edək ki, Senatın qəbul etdiyi qətnamə hüquqi qüvvəyə malik deyil və yalnız tövsiyə xarakteri daşıyır.