İtaliyanın Baş naziri Giorgia Meloni ölkəsində siyasi populyarlığını şübhə altına alan ABŞ Prezidenti Donald Trampa cavab verib. Trampın Fransada keçirilən G7 sammiti çərçivəsində dəfələrlə onunla şəkil çəkdirməsini istədiyi iddiasına cavabında Meloni əvvəllər heç bir şəkil istəmədiyini bildirib. Lakin şənbə günü Tramp bu məsələdə israr etməyə davam edərək, İtaliya baş nazirinin "İtaliyada dəstəyini itirdiyini" və indi ABŞ ilə "yenidən dost olmaq istədiyini" iddia edib.
Tramp iddia edib ki, Meloninin reytinqi aşağıdır, çünki o, ABŞ-ın İrana qarşı səylərini dəstəkləməyib və "hətta [ABŞ Hərbi Hava Qüvvələrinə] İtaliya uçuş-enmə zolaqlarından istifadə etməyə icazə verməyib". Buna cavab olaraq Meloni İnstaqramda “Mənim populyarlığım sizin işiniz deyil. Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm", - sözlərilə Trampa cavab verib. Trampın "daimi və səbəbsiz hücumlarını" tamamilə mənasız adlandıran Meloni paylaşımında ABŞ prezidentinin müttəfiq ölkələrin liderlərilə Qərbin və ABŞ-ın açıq düşmənləri olan ölkələrin liderlərindən daha pis davranmasından təəccübləndiyini bildirib.
"Mənim populyarlığıma gəldikdə isə, sizinlə dost olmaq, əlbəttə ki, buna kömək etməyib və bu onu müəyyən etmir", - deyə Giorgia Meloni bildirib.
Trampın İtaliyanın ABŞ-ın İrana qarşı əməliyyatlar üçün İtaliya hərbi obyektlərindən istifadəsini qadağan etməklə "ciddi logistika problemləri" yaratdığına dair tənqidinə cavab olaraq isə Meloni bildirib ki, İtaliya ərazisindəki bazaların istifadəsi ölkənin hər zaman riayət etdiyi dövlətlərarası müqavilələrlə tənzimlənir.
SAMİRƏ