Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya rəsmi İrəvanın Gümrüdəki "Ana Ermənistan" abidəsinin təhqir olunmasına reaksiya verməməsindən çaşqınlıq içindədir.
"Ermənistan hakimiyyətinin abidənin təhqir edilməsini qətiyyətlə pisləmək və ya heç olmasa aydın mövqe bildirmək əvəzinə, susmaq qərarına gəlməsi təəccüblüdür. Bu, artıq bir ənənəyə çevrilir" deyən Zaxarova buna misal kimi Zelenskinin İrəvanda verdiyi son açıqlamaları xatırladıb və bildirib ki, Ermənistan hakimiyyəti tərəfindən həmin vaxt da heç bir reaksiya verilməmişdi.
Zaxarova qeyd edib ki, bu cür hərəkətlər və Ermənistandakı parlament seçkiləri ilə müşayiət olunan cilovsuz anti-Rusiya kampaniyası bu cür barbar hərəkətlər üçün münbit zəmin yaradıb. Bundan əlavə, o, bəzi media orqanların hadisəni Rusiyanın təxribatı kimi təqdim etməyə çalışmasını da tənqid edib.
XİN sözçüsü, hadisə ilə bağlı Rusiya tərəfinin Ermənistana etiraz notası göndərdiyini bildirib.
Qeyd edək ki, Ermənistan polisi iyunun 14-də abidə kompleksinə zərər vurmaqda şübhəli bilinən 41 yaşlı kişini saxlayıb.
Tahir TAĞIYEV